Qasım bəy Zakir (1784-1857)

Şair  Şuşa şəhərində anadan olmuşdur. Şairin əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Rus ordusunda qulluq etmişdir. Çar ordusu sıralarında Rusiya – İran müharibələrində iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə gümüş medalla təltif edilmişdir. Onu günahsız yerə Bakıya sürgün etmişdilər. Bakı general – qubernatoru Mixail Kolyubakin onun sürgündən azad olunmasına çalışmışdır. Eyni zamanda M.F.Axundzadə, İ.Qutqaşınlı, İliko Orbeliani də onun sürgündən azad olunması üçün səy göstərmişdir. Ömrünün sonlarına doğru şairin maddi vəziyyəti pisləşmişdir. Dostlarının səyi nəticəsində qoca şairin gənclik illərindəki fəaliyyəti nəzərə alınmışdır. Ona “Rus dövlətinə göstərdiyi xidmətlərinə görə”  1857-ci ildən başlayaraq ayda 36 manat təqaüd təyin edilmişdir.

Lakin təqaüd kağızı Şuşaya çatanda artıq şair vəfat etmişdi. Q.Zakir Şuşada Mirzə Həsən qəbiristanlığında dəfn olunmuşdur.

Yaradıcılıq

1. Əsərlərini lirik və epik növdə yazmışdır.

2. Həm əruz, həm də heca vəznində əsərlər qələmə almışdır.

3. Satiralar müəllifidir.

Bədii yaradıcılığa gənc yaşlarında başlamışdır. İlk şeirini dahi Azərbaycan şairi M.Füzulinin ədəbi təsiri ilə yazmışdır. Əsərlərində M.Füzulinin, Molla Pənah Vaqifin, Abdulla Canı oğlunun, Baba bəy Şakirin təsiri duyulur.

Lirik növ

Şairin lirik növdəki şeirləri məzmunca bir neçə yerə bölünür:

  • Məhəbbət məzmunlu;

  • İctimai məzmunlu;

  • Satirik məzmunlu.

Şair lirik növün qəzəl, müxəmməs, müstəzad, tərkibbənd, tərcibənd, qoşma, gəraylı, təcnisjanrlarında əsərlər yazmışdır.

Məhəbbət məzmunlu şeirləri 

Sələflərinin və müasirlərinin çoxundan fərqli olaraq, Zakirin eşqə, məhəbbətə dair mülahizələri ziddiyyətlidir.

Zakirin qoşma, gəraylı, müxəmməs şəklində yazılmış şeirlərində gözəllər “dilbər”, “dilbəri-sadə” adı ilə təqdim olunur.

Şair süni gözəlliyi pisləyir, məşşatələrin vurduğu bəzəyə qarşı çıxır.

“Üzünə” rədifli şeirində yazırdı:

Sən sadə gözəlsən, qoyma sevdiyim, Məşşatələr bəzək taxa üzünə.

Bərgi – gülə bənzər üzari – alın, Nə lazımdır ənlik yaxa üzünə

Gözəlin eyni zamanda namuslu, əhdinə vəfalı və sadiq olmasını vacib sayır.

Gəlsin

Badi-səba, söylə mənim yarıma, Gözəllər çıxıbdı seyranə, gəlsin!

Təğafül etməsin, işrət çağıdır, İçilir hər yerdə peymanə, gəlsin!

Bənövşələr salsın başın aşağa, Nərgiz olsun gözlərinə sadağa.

Gül camalın  görüb düşsün  toprağa, Bülbülü gətirsin əfqanə, gəlsin!

Siyah zülfü tər buxaqda dənlənib, Sonalar yerişi ondan öyrənib.

Ovçu görmüş  maral kimi səksənib, Oğrun baxa-baxa hər yana, gəlsin!

Barmağında xatəm, belində kəmər, Telində güşvarə, düymə tamam zər.

Qərq olsun  yaşıla,  ala sərasər, Naz ilə sallanə-sallanə gəlsin!

Sürmə çəksin gözlərinə, qaşına, Gündə yüz yol mən dolanım başına.

Zakirtək yanmağa eşq ataşına, Cürəti var isə, pərvanə gəlsin!

1. Şeir səhər mehinə müraciətlə başlayır.

2. Onun gözəlliyi qarşısında bənövşələr utandığından başın yuxarı qaldıra bilməyəcək fikri səslənir. 

3. Əsərdə təsvir olunan gözəl azərbaycanlı-türk qızıdır. Şair həmin gözəli ovçu görmüş marala bənzədir.

4.  Şeirin son bəndində əsas diqqət aşiqin  mənəvi keyfiyyətlərinin təqdiminə yönəldilir:

Sürmə çəksin gözlərinə, qaşına,

Gündə yüz yol mən dolanım başına.

Zakir tək yanmağa eşq ataşına,

Cürəti var isə, pərvanə gəlsin.

İctimai motivli şeirləri

Zakirin “Dost yolunda cəfa çəkdim, can üzdüm”, “Gözüm yolda qaldı, könül intizar”, “Dost yolu bağlandı, ümid kəsildi”, “Qələtdir qocaya növcavan sevməkmisraları ilə başlanan qoşmalarında, bəzi qəzəl və müxəmməslərində zəmanədən şikayət, haqsızlığın tənqidi əxlaqi-tərbiyəvi ideyalar əsas yer tutur.

“Eylər” rədifli müxəmməsi

1. M.P.Vaqifin “Görmədim” müxəmməsinin təsiri duyulur.

2. Şeirin qəhrəmanı kədərli bir insandır. Onun kədərli olmasının səbəbi ictimai mühitdəki ziddiyyətlərdir. Dünya tamam etibarsızlaşıb. İnsanlar şər qüvvələrin, Əhrimən qoşununun ayaqları altında əzilir. İnsanlar mənəvi cəhətdən pozulmuşlar.

3. Şeir əruz vəzninin həzəc bəhrindədir.

4. Şeirdə çoxlu ərəb, fars sözləri, ifadə və tərkibləri işlənmişdir.

Qeyd: “Leyli və Məcnun” poeması (N.Gəncəvi), “Leyli və Məcnun” poeması (M.Füzuli), “Dastani-Əhməd Hərami” poeması, “Dəhnamə” poeması (Ş.İ.Xətai) əruz vəzninin həzəc bəhrindədir.

“Durnalar” qoşması

1. İctimai məzmunludur.

2. Zakir bu şeiri Bakıda sürgündə olduğu zaman yazmışdır. Şeirdə vətən həsrəti, qürbət sıxıntısı poetik bir dillə ifadə olunur.

3. Şeir beş bənddən ibarətdir.

Zakirdən  əlavə   xalq  dastanlarında,  aşıq  şeirlərndə,   M.V.Vidadi və M.P.Vaqif kimi şairlərin yaradıcılığında durnalara müraciət olunmuşdur.

Şair durnaların timsalında özünə dost, həmdərd tapmışdır.

Satiraları

Şair görkəmli satirik kimi də məşhurdur. Satira yazmasının əsas səbəbləri: Şəxsi həyatı ilə bağlı narazılığı və ailə məhrumiyyətləri.

Zakir satirasının əsas tənqid hədəfləri:

  • Çarizmin müstəmləkəçilik siyasətinə xidmət edən qayda-qanunlar;
  • Hakimlərin rüşvətxorluğu, idarə və məhkəmələrdə  olan süründürməçilik;
  • Xalqı aldadan yalançı ruhanilər.

Şair “Qarabağ qazisi”, “Şuşa mollaları haqqında”, “Üsuli və təriqət şeyxlərinin həcvi” kimi şeirlərində din xadimlərinin eybəcərliyini göstərir. Bu satiralarını əruz vəznində yazmışdır.

“Bax” rədifli satirası

  • Satira məktub şəklindədir. M.F.Axundzadəyə yazılmışdır.
  • Qoşma janrındadır.
  • Şeirdə sözü ilə işi düz gəlməyən vaizlərin ikiüzlülük və yalançılığı ifşa olunur:

Vaiz bizə söylər şəri-Mustafa, Hərama mürtəkib olmayın əsla!

Özü lum-lum udur batində, amma, Zahirdə dediyi mənaya bir bax!

  • Satirada şair XIX əsrin 40-cı illərində çar höküməti tərəfindən nəşr edilmiş “Kəndli əsasnamələri”ni də tənqid edir.

“Xəbər alsan bu vilanın əhvalın” satirası (“Vilayətin məğşuşluğu haqqında”)

Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir keyfiyyəti – Qarabağ. Həqdi, bundan əqdəm görübsən sən də, Hanı o qaidə, o qanunsəyaq?

Qüttəüttəriqin vüfuru vardır, Yaylaqda, aranda qatar-qatardır. Yenə ötür-ötür, apar-apardır; Bizim başımızda çatdadı çanaq.

Zərgər, Drağarda aləm-aşıkar,

Bir ucdan oğurlar, bir ucdan satar.

Vay odur, sahibi at başı tutar,

Yüz yerdən tökülər üstünə çomaq.

 

Əgər xəbər alsan Molla Şəfini, 

Oğru dürüst quraşdırıb kefini.

O, Qalada biçər ölü kəfəni

Çöldə üç atını soyublar çılpaq.

Qarabağda nə day qaldı, nə dana,

Bu gün, sabah qaçar hərə bir yana;

Tənbeh etmək ilə Xındırıstana,

Xub saldı nizama  ölkəni qoçaq.

Birindən şikayət edəsən əgər,

Danışmağa qoymaz, sözünü kəsər.

Qardaş malı kimi, ortadan bölər,

Murovlar olublar oğruya ortaq!

Görsən tanımazsan Yarımsaqqalı,

Çıxıb əndazədən dövləti, malı.

Xandəmirov caldı, çapdı mahalı,

O ki tutub özün keçəl qurumsaq.

Üləmalar üz döndərib Xudadan,

Usanmaz bir ləhzə cövrü cəfadan.

Başı əmmaməli seyid-molladan

Taətdə  övladır o qatmaqurşaq.

Fəraqət oturub hər kəs bir işdə,

Nə yazda yarıdıq, nə də ki, qışda;

Ya Rəb, neyləmişdik, bu dağılmışda?

Haram oldu bizə bir qarış torpaq.

Çəkilib köksümə dağlar, düyünlər,

Kafirə olmasın nəsib bu günlər.

Qınamasın məni könlübütünlər,

Fikrim dağınıqdır, xatirim  övraq.

Gərçi vilayətdə çox idi əhval,

Müyəssər olmadı şərh edəm əlhal.

Bir parasın yazıb, eylədim irsal,

Bu şərt ilə nə diş bilsin, nə dodaq.

  • Şeir M.F.Axundzadəyə məktub şəklində yazılmışdır.

  • Satira qoşma janrındadır.

  • “Xəbər alsan bu vilanın əhvalın” misrası ilə başlayır.

  • Əsərdə Qarabağda baş verən hadisələrin şərhinə adi epistolyar üslubda başlayan Zakir şeirin ilk bəndindən sonra tamam yeni bir üsluba – açıq ifşa, birbaşa tənqid üsuluna keçir.

  • Şeirdə  şair tənqid  etdiyi  ictimai  yaramazlıqların  səbəbini  dövlət  məmurlarının çirkin əməllərində, xüsusilə onların rüşvətxorluğunda görür.

  • Satiranın sonunda Zakir Axundzadədən ehtiyatlı olmağı, məktubda yazdığı məlumatları sirr kimi möhkəm saxlamağı xahiş edir.

Sənətkarlığı

Şairin yaradıcılığı janr-üslub baxımından olduqca zəngindir.

O, şeirlərini həm əruz vəznində – qəzəl, müxəmməs, tərkibbənd, tərcibənd, müstəzad, müəşşər janrlarında, həm də heca vəznində – qoşma, gəraylı, təcnis, bayatı formalarında yazmışdır.

Heca vəznində yazdığı əsərlərin dili sadə və yığcamdır.

Əruz vəznində yazdığı əsərlərin dili isə mürəkkəbdir.

Birbaşa ifşa, kəskin tənqid şairin satıralarının  əsas xüsusiyyətidir.

Şair öz şeirlərində “zakon”, “kvartal”, “poşol” və s. rus sözlərindən istifadə etmişdir. Bu ifadələr Zakirə çar idarəsində işləyən, xalqa yad olan adamların real, canlı bədii sürətlərini yaratmaq üçün lazım olmuşdur.

Beləliklə, Zakir öz dövrünün ictimai bəlalarını açıb göstərən əsərləri ilə Azərbaycan ədəbiyyatında satirik üslubunəsasını qoyan qüdrətli bir sənətkar kimi məşhurlaşmışdır.

Bir şərh yazın